Parisdə Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş ədəbi-bədii mərasim keçirilmişdir

 

İyunun 1-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş ədəbi-bədii mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 2001-ci ildən etibarən ölkənin paytaxtında fəaliyyət göstərən "Lire autrement" (Başqa cür oxumaq) kampaniyasının təşkilatçılığı ilə reallaşdırılmışdır.

Mərasimi açan kampaniyanın bədii direktoru Jak  Panye 1927-ci ildə Bakıda anadan olmuş M.Rostropoviçin sayəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə tanış olduğunu, azərbaycanlı aktyorlarla və musiqiçilərlə sıx əlaqələr yaratdığını söyləmiş, ölkəmizin mədəniyyət sahəsində zənginliyi sayəsində bəşəriyyətin mədəniyyət beşiyinə çevrildiyini diqqətə çatdırmışdır.

Miniatür rəsm əsərlərindən bəhs edən kitabların və qədim xalçaların, xalqımızın artıq dünyada tanınan ənənəvi muğam musiqisinin, Nizami Gəncəvi adına Dövlət Ədəbiyyat Muzeyinin, xalq folklorunun əsas təcəssümü olan aşıq musiqisinin onda xüsusi təəssürat yaratdığını vurğulayan J. Panye iki hissədən ibarət ədəbi-bədii mərasimin qədim Azərbaycan mədəniyyətinin və ədəbiyyatının məskəni olan Gəncədə dünyaya göz açan Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunduğunu bildirmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin  fundamental  mədəniyyətinin tərkib hissələrindən biri kimi poeziyamusiqinin qədim və zəngin tarixə malik olduğunu xüsusi vurğulamış, Azərbaycanın dünya ədəbiyyatına Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi korifeylər verdiyini, XlX və XX əsrlərdə yaşamış Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Araz və digərlərinin yaradıcılığı sayəsində Azərbaycan ədəbiyyatının daha da zənginləşdiyini qeyd etmişdir.

Musiqimizdən  söhbət açan səfir dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən klassikopera musiqisinin əsasının qoyulduğunu, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Cövdət Hacıyev, Oqtay Zülfüqarov kimi bəstəkarların əsərlərinin dünyanın müxtəlif ölkələrində səsləndirildiyini, muğamın 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şedevr əsərləri siyahısına daxil edildiyini diqqətə çatdırmışdır.

Azərbaycan poeziyasının nümayəndəsi Məhsəti Gəncəvinin 900 illiyinin UNESCO-da təntənəli şəkildə qeyd olunduğunu vurğulayan E. Əmirbəyov rübailər yaradıcısı xanım şairənin, eyni zamanda, musiqişahmat aləmində xüsusi istedad sahibi olduğunu qeyd etmişdir.

"Lire autrement" kampaniyasının yaradıcıları xanım Simona HeraultXavier Clion Məhsəti Gəncəvinin fransız dilinə tərcümə edilən rübailərini, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Süleyman Sani Axundovun, Cəlil Məmmədquluzadənin, Məmməd Arazın, Mirvarid DilbazininYusif Səmədoğlunun əsərlərindən parçaları söyləmişlər.

Gənc pianoçu Səidə Zülfüqarovanın müşayiəti ilə Bakı Musiqi Akademiyasının məzunu, respublikanın əməkdar artisti Fəridə Məmmədova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişdir. Onların çıxışları fransız tamaşaçıları tərəfindən alqışlarla qarşılanmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

 

Azərbaycan.-2013.- 4 iyun.- S.12.